Səfir Rəhman Mustafayevin Yuqra Dövlət Universitetinin (YDU) rektoru Roman Kuçinlə görüşü
Xantı-Mansiyə səfəri zamanı səfir Rəhman Mustafayev Yuqra Dövlət Universitetinin (YDU) rektoru Roman Kuçinlə görüşüb və YDU-nun laboratoriyalarını ziyarət etməklə interaktiv ekskursiya edib. Söhbət zamanı YDU və onun Azərbaycan tərəfdaş ali məktəbləri arasında tələbə mübadiləsinin intensivləşdirilməsi, eləcə də hər il keçirilən Fərman Salmanov adına Beynəlxalq Neft Akademik Konqresində Azərbaycan nümayəndələrinin iştirakı ilə bağlı məsələlərə baxılıb. Həmçinin səfirin YDU-da təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. Elə həmin gün Rəhman Mustafayev və Azərbaycanın Yekaterinburqdakı Baş konsulu v.i.e. Şöhrət Mustafayev XMAD-ın (Surqut, Xantı-Mansi, Nijnevartovsk, Koqalım, Nefteyuqansk və s.) Azərbaycan icmasının nümayəndələri ilə iş müşavirəsi keçirmiş, görkəmli Azərbaycan neftçisi, geoloq və alim, Qərbi Sibir neftinin kəşfçisi Fərman Salmanovun abidəsinin önünə gül dəstələri qoymuşlar. Məhz Azərbaycanın neft geoloqu, alim Fərman Salmanovun apardığı işlər nəticəsində 21 mart 1961-ci ildə Orta Ob bölgəsində ilk Sibir nefti aşkar edilmişdir. Beləliklə, Qərbi Sibirin ən böyük neft-qaz yatağını kəşf etdi və sonradan bütün bölgənin sosial-iqtisadi inkişafına əhəmiyyətli təkan verdi. F.Salmanov bütün əmək fəaliyyəti ərzində 300-dən çox neft və qaz yatağının kəşfində iştirak etmişdir. Bu gün onun ilk neft ekspedisiyasının keçirildiyi Surqutda təkcə aeroport və küçə deyil, həm də gimnaziya, neft-qaz-kondensat yatağı onun adını daşıyır, ev-muzey fəaliyyət göstərir.