2025-02-03

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) "Azərbaycan" pavilyonunda yeni "Baxış nöqtəsi" layihəsi

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) "Azərbaycan" pavilyonunda tanınmış ictimai xadimlər, Azərbaycan və Rusiya ziyalıları ilə görüş meydanına çevriləcək yeni "Baxış nöqtəsi" layihəsi işə salınıb. Təşəbbüsün məqsədi Azərbaycan icmasının nümayəndələri arasında yeni açıq dialoq formatının yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması və soydaşlarımızı narahat edən aktual məsələlərin müzakirəsidir. Layihənin ilk qonağı Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri Rəhman Mustafayev olub. Azərbaycan ziyalılarını, Rusiya Azərbaycanlı Gənclər Birliyi"nin (АМОР) fəallarını, Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələri, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələrini bir araya gətirən görüş isti və konstruktiv mühitdə keçib. Tədbiri “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova aparıb. O, "Baxış nöqtəsi" layihəsinin fikir mübadiləsi, Azərbaycan icmasının inkişaf perspektivlərinin müzakirəsi və Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün platforma kimi əhəmiyyətini vurğulayıb. Görüşdə milli kimliyin qorunması, mədəniyyətlərarası əməkdaşlıq, gənclər təşəbbüslərinin və təhsil proqramlarının dəstəklənməsi məsələləri müzakirə olunub. Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı fəaliyyətə, eləcə də mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Səfir Rəhman Mustafayev layihənin təşkilatçılarına və görüş iştirakçılarına fəal mövqelərinə görə təşəkkürünü bildirib, Azərbaycan icmasının xaricdə konsolidasiyasının vacibliyini vurğulayıb. O, bu cür təşəbbüslərin Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib və həmvətənləri ilə açıq dialoqa hazır olduğunu bildirib. Görüş zamanı o, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətindən, rəsmi Bakının dünya siyasəti və iqtisadiyyatının aktual məsələlərinə dair mövqeyindən, Səfirlik tərəfindən Azərbaycanın Rusiyadakı icmasının səylərini birləşdirmək üçün həyata keçirilən layihələrdən danışıb. Görüşün sonunda qonaqlar mühüm məsələləri müzakirə etmək imkanına görə təşkilatçılara təşəkkür edib və Rusiyanın elm, mədəniyyət, biznes və ictimai həyatının inkişafına töhfə vermiş tanınmış azərbaycanlılarla görüş platforması olacaq "Baxış nöqtəsi" layihəsinin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

 

Arxiv üzrə axtarış