2016-05-20

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşdü

Cari ilin 20 may tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşdü.

Görüş zamanı Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sankt-Peterburq şəhərində yeni təyin olunmuş Baş konsul Sultan Qasımovu qubernatora təqdim etdi.

Həmçinin Azərbaycan ilə Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olundu. Turizm, mədəni-humanitar, kənd təssərüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Söhbət əsnasında Sankt-Peterburqda tikilməsi planlaşdırılan loqistika mərkəzinin verəcəyi töhfə önə çəkildi.

Bundan əlavə 2016-cı ilin 16-18 iyun tarixlərində Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkəmizin nümayəndə heyətinin iştirakı, Azərbaycan Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilmə tarixləri, mövcud olan müqavilələrə bir daha baxılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Baş konsulluğun işinin daha da canlandırılması və bunun üçün şəhər administrasiyası ilə daha yaxından əməkdaşlığın zəruriliyi qeyd olundu.

Arxiv üzrə axtarış