2019-06-24

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağında RAGB-ın təsis olunmasının 10 illiyi qeyd olunmuşdur

24 iyun 2019-cu il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təsis olunmasının10 illiyi münasibətilə Azərbaycan mədəniyyəti günü keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi Nəbatat bağı haqqında iştirakçılara məlumat verərək, MDU-nun həyatında gənclərin başlıca yer tutduğunu vurğulayaraq həmin məkanda gənclərlə bağlı tədbirin keçirilməsindən məmnunluq duyduğunu qeyd etdi. O, rəhbərlik etdiyi universitetin Bakı filialının açılmasına və filialın fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Rektor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsən tanış olmaq şərəfinin ona qismət olduğuna görə taleyə minnətdar olduğunu qeyd etdi və bu parlaq şəxsiyyətin Azərbaycan tarixində rolu barədə danışdı. Sonda Viktor Sadovniçi gəncləri RAGB-ın 10 illik yubileyi münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı.

Daha sonra çıxış edən RAGB-ın sədri Leyla Əliyeva iştirakçıları təşkilatın 10 illik yubileyi münasibətilə təbrik edərək, tədbirin dünyanın ən gözəl bağlarından biri olan MDU-nun Nəbatat bağında keçirilməsindən məmnunluğunu qeyd etdi. O bildirdi ki, bu gün RAGB-ın Rusiyanın 49 regionunda 55 bölməsi uğurla fəaliyyət göstərir. Başlıca vəzifəsi xeyirxah və faydalı işlər görmək olan bu təşkilat 10 il ərzində gənclərin inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirib. RAGB davamlı olaraq “Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirir, əlaçı tələbələri dəstəkləyir, populyar intellektual oyunlar təşkil edir, uşaq və qocalar evlərinə baş çəkir, ehtiyacı olanlara kömək əlini uzadır. Leyla Əliyeva vurğuladı ki, Azərbaycan ilə Rusiyanı ortaq tarix, mədəniyyət, habelə iki xalq arasında ənənəvi dostluq telləri birləşdirir, Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına dərin sevgi ilə yanaşırlar. Gənclər arasında sağlam həyat tərzinin təbliğinin əhəmiyyətini xüsusi qeyd edən RAGB sədri təşkilatın keçirdiyi idman yarışları barədə iştirakçılara məlumat verdi. O, həmçinin IDEA Beynəlxalq kampaniyası tərəfindən ətraf mühitin mühafizəsi və təbiətin qorunması məqsədilə görülən işlər, Soçidə bəbirlərin və Xəzər nərəsinin populyasiyasının bərpası ilə bağlı atılan addımlar barədə danışdı. Sonda Leyla Əliyeva bildirdi ki, RAGB-ın qapıları milliyyətindən, dini etiqadından və yaşından asılı olmayaraq xeyirxah işlər görməyi arzu edən hər kəs üzünə həmişə açıqdır. O, gəncləri daima yaxşılıq etməyə, birlikdə olmağa və həyata inamla baxmağa çağırdı.

Səfir Polad Bülbüloğlu çıxışında vurğuladı ki, RAGB-ın 10 yaşının tamam olmasına inanmaqda çətinlik çəkir. Sanki dünən təşkilatın təsis konfransının keçirildiyini, ona uğurlar arzulandığını, amma həmin tarixdən10 il keçdiyini söylədi. Leyla xanımın RAGB-ın keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdiyini qeyd edən Səfir, Rusiyada yaşayan gənc nəsil azərbaycanlıların özlərini bu böyük ölkənin vətəndaşı kimi hiss etmələrinin, işləyib çalışmalarının və inkişaf etmələrinin əhəmiyyəti barədə danışdı və Leyla xanımın öz çıxışında gənclərin hansı prioritetləri rəhbər tutmalarını çox düzgün vurğuladığını bildirdi. Səfir Leyla xanımla birlikdə gözəl Nəbatat bağını gəzərkən mütləq bu bağa Azərbaycandan ağaclar hədiyyə edilməsinin vacibliyinə dair fikir mübadiləsi apardıqlarını dedi və burada böyüyən həmin ağacların iki ölkənin dostluğunun simvolu olacağını vurğuladı. Polad Bülbüloğlu sonda RAGB-a bundan sonra da Leyla Əliyevanın rəhbərliyi altında fəal işləməyi və yeni-yeni uğurlara imza atmağı arzuladı.

BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov mərasimdə çıxış edərək Bakıya səfəri barədə söhbət açdı və həmin səfər müddətində Leyla Əliyeva ilə ekologiya barədə ətraflı söhbətlər apardığını qeyd etdi, onun bu sahədə fəaliyyətini və RAGB-nin son on ildə gördüyü işləri yüksək qiymətləndirdi. O, Bakıya hər dəfə böyük məmnuniyyətlə səfər etdiyini və bu şəhərə vurulduğunu, qonaqpərvərliyin Azərbaycan xalqının həyat tərzi olduğunu vurğuladı.

Daha sonra RAGB fəallarının mükafatlandırılması mərasimi keçirildi. Leyla Əliyeva fərqlənən gənclərə “RAGB-ın ən fəal könüllüsü”, “RAGB-ın ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim etdi.

Mədəniyyət günü çərçivəsində ustad dərsləri keçirilmiş, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonalar təşkil olunmuş, “AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılmışdır.

Tədbir “Qolos” layihəsinin finalçısı Emil Qədirovun, “Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, “Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatdı.

Arxiv üzrə axtarış