24-27 fevral 2021-ci il tarixlərində Moskva şəhərində Səfirliyin təşkilatçılığı və dəstəyi ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir
24 fevral 2021-ci il tarixində Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), “ALEF” Yəhudi Gənclər Hərəkatı, “Əməkdaşlıq üzrə gənclər təşəbbüsü” Regional İctimai Təşkilatı və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Tarixin dərsləri və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu bildirmişdir ki, bu il Azərbaycan xalqı Xocalı soyqırımının ildönümünü qalib xalq kimi qeyd edir və çoxdan gözlənilən parlaq qələbəni öz güclü və müdrik Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordusunun və igid övladlarının sayəsində qazanmışdır. Azərbaycan tarixinin saxtalaşdırılmasının hal-hazırda da gözümüzün qabağında davam etdiyini diqqətə çatdıran Səfir, guya Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələrindən başladığı barədə son vaxtlar Rusiya KİV-lərində həqiqətə uyğun gəlməyən fikirlərin səsləndiyini təəssüflə vurğulamışdır. Bu xüsusda, hələ 1983-cü ildən başlayaraq Ermənistan ərazisində azərbaycanlılara qarşı milli zəmində törədilən cinayətlər, onların öz doğma yurd-yuvalarından qovulması istiqamətində atılan məkrli addımlar, daha sonra Qarabağda törədilən təxribatlar barədə ətraflı məlumat vermişdir. Azərbaycanlıların Ermənistan ərazisindən qovulmasının erməni separatçılarının geniş planının yalnız başlanğıcı olduğunu, ikinci mərhələdə Dağlıq Qarabağ ərazisində, sonra isə əhalisi tamamilə azərbaycanlılardan ibarət olan yeddi ətraf rayonda etnik təmizləmə aparıldığını diqqətə çatdıran Polad Bülbüloğlu, Xocalı ilə yanaşı Dağlıq Qarabağ və ətraf rayonlarda digər yaşayış məntəqələrində də dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli qətliamların törədildiyini söyləmişdir. Çıxışının sonunda Səfir gəncləri Xocalı faciəsinin dünyada tanıdılması üçün maksimum səy göstərməyə və bu işlərdə daha fəal olmağa çağırmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova öz çıxışında “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verərək, ona Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə start verildiyini qeyd etmişdir. Kampaniyanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıdığını və soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəldiyini vurğulamışdır.
Sonra “ALEF” Yəhudi Gənclər Hərəkatının rəhbəri Abram İxiilov, tanınmış politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, həmçinin “Zoom” platforması vasitəsilə onlayn rejimdə konfransa qoşulan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Milli Məclisinin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Xocalı faciəsinin müxtəlif aspektləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Tədbirin sonunda “Xocalı soyqırımı: XX əsrin faciəsi”, “Holokost: unutmayaq və təkrarlanmasına yol verməyək”, “Tarixi yaddaşın qorunub saxlanmasında, vətənpərvərlik və millətlərarası ünsiyyət mədəniyyəti tərbiyəsində gənclərin rolu” mövzularında məruzələr oxunulmuşdur.
26 fevral 2021-ci il tarixində Səfirliyin binasının önündə Xocalı faciəsində qətlə yetirilənlərin xatirəsinə həsr olunmuş stend quraşdırılmışdır. Səfir Polad Bülbüloğlu və Səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiyadakı nümayəndələri, o cümlədən Moskvadakı soydaşlarımız, diaspor fəalları, Rusiyada təhsil alan azərbaycanlı tələbələr gün ərzində diplomatik nümayəndəliyə gələrək stendin önünə gül dəstələri qoymuşlar.
27 fevral 2021-ci il tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Moskvada yerləşən “Spiridonovun Evi”ndə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş anım mərasimində Rusiya Federasiyasının tanınmış politoloqları və ekspertləri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, RAGB-ın fəalları və diaspor təşkilatlarının üzvləri, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Binanın foyesində Xocalı soyqırımından bəhs edən ədəbiyyat və bukletlər tədbir iştirakçılarına təqdim edilmişdir.
Səfir Polad Bülbüloğlu çıxışında ilk növbədə Xocalı faciəsinin 29-cu ildönümü günü - 26 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 4 saatlıq geniş mətbuat konfransının keçirildiyini, dövlət başçımızın 44 günlük müharibədən sonra yaranmış yeni vəziyyətlə əlaqədar Azərbaycan və digər region ölkələrinin ictimaiyyətini narahat edən bir çox məsələlərə aydınlıq gətirdiyini, onun proqram xarakterli açıqlamalarının diplomatlar üçün yol xəritəsi olduğunu diqqətə çatdırmışdır.
Səfir növbəti dəfə 1992-ci ildə Xocalıda törədilmiş və aralarında yaşlı, qadın və uşaqların olduğu yüzlərlə dinc sakinin qətlə yetirildiyi qanlı faciənin qurbanlarının xatirəsini yad etdiyimizi söyləyərək, 29 il keçməsinə baxmayaraq, zamanın ağrı-acımızı azaltmadığını, jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrları unutmadığımızı vurğulamışdır. Lakin bu dəfə uzun illər sonra bu günü tamamilə başqa bir hisslə, Qalib xalq kimi qeyd etdiyimizi, güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın uzun illər gözlədiyimiz qələbəni bizə bəxş etdiklərini bildirmişdir.
Həmçinin diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan ictimaiyyəti artıq gələcəyə əminliklə baxır, çünki bütün dünya Azərbaycanın nə qədər güclü və müasir orduya malik olduğunun, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək olduğunun, Prezident və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin və yenilməzliyinin şahidi olmuşdur. Polad Bülbüloğlu vurğulamışdır ki, müharibə nəticəsində biz təkcə düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı geri qaytarmadıq, həm də şərəf və ləyaqətimizi geri qaytardıq, çoxmillətli Azərbaycan xalqı vahid şəkildə birləşərək doğulub böyüdükləri Vətən uğrunda bir yerdə savaşdılar.
Eyni zamanda qeyd etmişdir ki, savaş nəticəsində biz minlərlə gənc övladımızı itirdik və onların hər biri bizim üçün sonsuz dərəcədə əziz və dəyərlidir. Bu gənclər ona görə həyatlarını qurban vermişdirlər ki, torpaqlarımız düşmən tapdağından təmizlənsin, bir də heç kimin bizim ərazilərimizə qəsd etməyə cürəti çatmasın, məcburi köçkünlər nəhayət ki, öz doğma yurdlarına qayıda bilsinlər və Azərbaycan torpağında bir də heç vaxt müharibə olmasın.
Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin guya Sumqayıt hadisələri ilə başladığına dair fikirlərə istinadən, münaqişə zamanı ilk qanın heç də Sumqayıtda tökülmədiyini vurğulayan Səfir, Sumqayıt hadisələrinə qədər ermənilər tərəfində azərbaycanlılara qarşı milli zəmində törədilmiş cinayətlər barədə ətraflı məlumat vermiş, hələ 1983-cü ilin aprel ayında Zəngibasarda, indiki Masis rayonunda qondarma “Erməni soyqırımı”nı qeyd edən erməni ekstremistlərin 4 azərbaycanlını qətlə yetirdiyini, 1986-cı ildə artıq azərbaycanlı əhalinin yarısının Qafan rayonundan qovulduğunu, 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmasından sonra bütün Ermənistan ərazisində azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını və kütləvi şəkildə zorla qovulduğunu, 22 fevral 1988-ci ildə Azərbaycanın Əsgəran rayonunda iki azərbaycanlı gəncin qətlə yetirildiyini, həmin ilin noyabrında Ermənistanın Qukark rayonunun Vartanlı kəndində 13 azərbaycanlının diri-diri yandırıldığını və 70-dən çox şəxsin qəddarcasına öldürüldüyünü, ümumilikdə 200-250 min azərbaycanlının Ermənistan ərazisindən Azərbaycana qovulduğunu diqqətə çatdırmışdır. Bu hadisələrdən sonra etnik erməni, əvvəllər üç dəfə məhkum edilmiş, qarət və zorlamalarda fəal iştirak edən Eduard Qriqoryan tərəfindən təşkil edilən Sumqayıt hadisələrinin baş verdiyini söyləmişdir. Həmin hadisələr zamanı Eduard Qriqoryanın şəxsən altı ermənini qətlə yetirdiyini, cinayət əməllərinin tam sübuta yetirildiyini və həbs edildiyini, onunla bərabər iki qardaşının da iğtişaşlarda iştirak etdiyini bildirmişdir. Qeyd olunan cinayətlərin Qarabağda hərbi əməliyyatlara başlanılması və orada vəhşiliklərin törədilməsinə bəraət qazandırılması məqsədilə törədilmiş təxribat olduğunu, azərbaycanlıların Ermənistan ərazisindən qovulmasının erməni separatçılarının böyük planının başlanğıcı olduğunu vurğulamışdır.
7 fevral 1992-ci ildə Qaradağlı kəndində 68 dinc sakinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, 49 nəfərin əsir götürüldüyünü, Kəlbəcər rayonunun 460 nəfərlik Ağdaban kəndində həmin ilin aprel ayında 99 nəfərin öldürüldüyünü, 140 nəfərin isə yaralanığını, nəhayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşətli Xocalı faciəsinin yaşandığını qeyd etmişdir.
Həmçinin Səfir diqqətə çatdırmışdır ki, həmin gecə sağ çıxa bilən şəxslər hücum edənlərin heç nə ilə haqq qazandırıla bilməyən olmazın qəddarlıqlar etdiklərini bildirmiş, çoxsaylı cəsədlər eybəcər hala salınmış və ya üzərlərində işgəncə əlamətləri olmuşdur. Bu faktlar Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzinin faciəyə həsr olunmuş hesabatında da öz əksini tapmışdır. Lakin, indiyədək heç kim insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətə görə cəzalandırılmayıb.
Polad Bülbüloğlu qeyd etmişdir ki, ötən illər ərzində Azərbaycan xalqının nümayəndələri dünyanın müxtəlif ölkələrində diqqəti Xocalı faciəsinə yönəldə bilmiş, ona nail olunmuşdur ki, bir sıra beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlament və hökumətləri baş verən faciəyə qiymət vermişlər. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının şəxsən təşəbbüskarı olan Leyla xanım Əliyevinin faciənin soyqırım aktı kimi qəbul olunması istiqamətində böyük işlər gördüyünü vurğulamışdır. Bir çox dövlətlərin qanunverici orqanlarının, o cümlədən ABŞ-ın 23 ştatının, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xocalıda törədilmiş soyqırımı pisləyən qətnamə və qərarlar qəbul etdikləri barədə məlumat vermişdir.
Səfir onu da vurğulamışdır ki, Xocalıdakı cinayəti törədən qatillərin kimliyinin məlum olmasına, hətta bəzilərinin öz dırnaqarası qəhrəmanlıqlarını həyasızcasına, utanmadan kitablarda, memuarlarda, qəzet məqalələrində və müsahibələrdə təsvir etmələrinə baxmayaraq, onların əməllərinə hüquqi qiymət verilməmiş və beynəlxalq məhkəmə qarşısına çıxarılmamışlar. Polad Bülbüloğlu bildirmişdir ki, cinayət məsuliyyətinin başlıca prinsipi cəzanın labüdlüyü prinsipi hesab olunur və məhz bu prinsip gələcəkdə oxşar cinayətlərin təkrar olunmamasının təminatıdır.
Çıxışının sonunda Səfir dünya birliyinin Qarabağ müharibələri zamanı Azərbaycan torpağında insanlıq əleyhinə törədilmiş qorxunc cinayətlər barədə məlumatlı olması və onları pisləməsinə nail olunması üçün hər bir azərbaycanlını bütün gücünü ortaya qoymağa çağırmışdır.
Daha sonra çıxış edən “Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko bildirmişdir ki, məhvə məhkum edilmiş şəhəri tərk etməyə çalışan 600-dən çox mülki şəxsin, yaşlı, uşaq, xəstə və yaralıların misilsiz vəhşiliklə, məqsədyönlü şəkildə və amansızcasına qətlə yetirildiyi Xocalı faciəsi unudulması və bağışlanması heç vaxt mümkün olmayan cinayətlər sırasına daxildir. Həmin cinayəti törədənlər mütləq cəzalandırılmalıdırlar və bu ilk növbədə ona görə lazımdır ki, belə dəhşətli hadisələr indi və gələcəkdə bir daha təkrarlanmasın.
İkinci Qarabağ müharibəsi zamanı da döyüş bölgəsindən onlarla, yüzlərlə kilometr uzaqlıqda yerləşən dinc yaşayış məntəqələrinə raket zərbələri endirməklə, Ermənistanın heç də Xocalı hadisələrindən geri qalmayan eyni qeyri-insani və qəddar əməllərə yol verdiyini xatırladan natiq, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi zamanı erməni tərəfinin törətdiyi cinayətlərlə bağlı beynəlxalq tribunalın yaradılmasının zəruri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, tam əsaslı şəkildə soyqırım aktı kimi qiymətləndirilən Xocalı faciəsini bütün təfərrüatları, bütün sənədlər beynəlxalq ictimaiyyət üçün maksimum əlçatan olmalı, bu cür hadisələr beynəlxalq təşkilatların tribunalarından da soyqırım kimi adlandırılmalıdır. İqor Korotçenko bildirmişdir ki, cari ilin sentyabr ayında keçiriləcək seçkilərdən sonra formalaşacaq Rusiya Federasiyası Dövlət Dumasının yeni tərkibinin Xocalı faciəsinin soyqırım aktı kimi qəbul edilməsi üçün təşəbbüs irəli sürə biləcəyini istisna etmədiyini bildirmişdir.
Politoloq erməni tərəfindən siyasi göstəriş verənlərin, dəhşətli cinayətin törədilməsinə cavabdeh olanların müəyyən edilməsi və onlar barədə sənədlərin açıqlanmasının, keçmiş Yuqoslaviyada olduğu kimi, Xocalı soyqırımını törədən hərbi canilərin də cəzalandırılmasının, onlardan ədalətli qisas alınmasının zəruriliyini vurğulayaraq, cəzanın labüdlüyünün günahkarların gec-tez məsuliyyətə cəlb ediləcəklərini başa düşmələrinin oxşar halların qarşısını almaq üçün ən yaxşı vasitə olduğunu diqqətə çatdırmışdır.
İqor Korotçenko vurğulamışdır ki, bəşəriyyət əleyhinə cinayətlərin mürur müddəti yoxdur və bu cür əməlləri törədən cinayətkarlar istənilən vaxt müəyyən edilərsə, tutularaq məhkəməyə verilərlərsə, nə yaş, nə də digər hallar cəzanın qaçılmazlığını aradan qaldıra bilməz. O bildirmişdir ki, Xocalı caniləri İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməli, həbs edilərək ədalət mühakiməsinə cəlb olunmalıdırlar.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirmişdir ki, 1992-ci ildə azərbaycanlıların yaşadığı və erməni silahlı birləşmələri tərəfindən zəbt edilən ərazilərdə kütləvi etnik təmizləmələrin qəsdən həyata keçirilməsi məqsədilə qabaqcadan hazırlanmış hərbi cinayət törədilmişdir. Politoloq bunun on minlərlə ailəni bu ərazilərdən qovmaq üçün qorxuda saxlamaq və həmin yerləri gələcəkdə Qarabağın statusu ilə mübadilə etmək məqsədilə həyata keçirildiyini söyləmişdir. Sergey Markov Xocalı cinayətinin araşdırılmasının və aralarında yüksək vəzifəli erməni siyasətçilərin də olduğu günahkarların cəzalandırılmasının vacibliyini vurğulamışdır.
Politoloq Azərbaycan xalqını İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə təbrik edərək, qələbənin güclü iqtisadiyyat və rəşadətli ordu yaradan xalqımızın böyük əməyi nəticəsində qazanıldığını xüsusilə qeyd etmişdir. O, zəfərin Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Multikulturalizmin Azərbaycanda dövlət ideologiyasının bir hissəsi olduğunu söyləyən Sergey Markov, çoxmillətli və çoxkonfessiyalı müxtəlifliyə hörmət edən ölkə olduğumuzu bildirmişdir. Əlavə etmişdir ki, Xocalıdakı dəhşətli hərbi cinayətin əsas səbəbi olan aqressiv millətçiliyi və millətin üstünlüyü prinsipini qəti şəkildə pisləyir və yalnız bu cinayəti törədənlərin cəzalandırılacağı təqdirdə, Xocalı qurbanları üçün ədalət bərpa olunacaqdır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski öz çıxışında erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə ədalətin bərpa olunduğunu qeyd etmişdir. O, Rusiyanın bu münaqişənin həllinə kömək etmək üçün əlindən gələni əsirgəmədiyini və hər dəfə razılaşmanın əldə edilməsinə yaxınlaşıldığı bir anda erməni tərəfinin razılaşmadan imtina etdiyini və nəticədə əvvəlki vəziyyətə qayıdıldığını söyləmişdir.
Stasnislav Çernyavski ötən il ərzində erməni tərəfinin dəfələrlə Azərbaycanı hərbi əməliyyatlara təhrik etdiyini diqqətə çatdıraraq, nəticədə xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çaldığını, Ali Baş Komandan, dahi Heydər Əlliyevin dahi oğlu İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun vətənlərini azad edərək ədaləti bərpa etdiyini bildirmişdir.
Bununla yanaşı, Stanislav Çernyavski bütün Qafqaz xalqlarına, o cümlədən Azərbaycan və Ermənistan xalqlarına hörmətlə yanaşdıqlarını qeyd etmiş və sağlam düşüncəli qüvvələrin nəhayət qonşu dövlətlər arasında mövcud olan qarşılıqlı anlaşmaya və əməkdaşlığa qayıtmağın vacibliyini başa düşəcəyinə ümid etdiyini söyləmişdir.
Siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko öz çıxışında Xocalıda qətlə yetirilənləri qəsdən təşkil edilmiş qətliamın qurbanları adlandırmışdır. O, faciənin əsas səbəbini erməni xalqının o vaxt və hələ də qan primatı, irqi mənşəli üstünlük haqqında danışan nasist qüvvələrin təsiri altında qalmasında gördüyünü qeyd etmişdir.
Maksim Şevçenko İkinci Qarabağ müharibəsi dövründə şər qüvvələrə qarşı təkcə Azərbaycan xalqının deyil, sivil dəyərləri dəstəkləyən bütün insanların mübarizə apardığını, dünyanı və erməni xalqını azad etdiklərinə görə azərbaycanlıların tərəfində durduğunu vurğulamışdır. Cənubi Qafqazın, Ulu öndər Heydər Əliyevin dediyi kimi, xalqların əməkdaşlıq və birgə inkişaf zonası olmalı olduğunu bildirən Maksim Şevçenko, insanların hazırda necə yollar tikmək, turistləri cəlb etmək və ortaq müəssisələri açmaq barədə düşünməli olduqlarını diqqətə çatdırmışdır.
Maksim Şevçenko Xocalı soyqırımına görə məsuliyyət daşıyan və əbədi olaraq daşıyacaq revanşist qüvvələrin yer üzündə yaşamağa davam etdiklərini təəssüflə qeyd etmişdir. Bu qüvvələr tərəfindən ölkəmizin döyüş bölgəsindən tamamilə uzaqda yerləşən bir neçə şəhərinə və hərbi baxımdan heç bir əhəmiyyəti olmayan dağıdıcı raket zərbələri endirildiyini, Gəncəyə raket hücumlarından sonra bu şəhərə səfər etdiyini söyləyən politoloq, orada baş verənləri Xocalının davamı kimi qiymətləndirdi və bu cür cinayətlərin mənfur qüvvələrə Rusiyada, Ermənistanda, Avropada, beynəlxalq səviyyədə lazımı qiymət verilməyəcəyinə qədər davam edəcəyini bildirmişdir. O, sözügedən müharibənin yalnız Qarabağın azadlığı və Xocalının qisası üçün deyil, eyni zamanda nasistlərə, şər qüvvələrə qarşı mübarizə olduğunu vurğulamışdır.
Sonda Maksim Şevçenko xüsusilə qeyd etmişdir: “Hörmətli azərbaycanlılar, əziz qardaş və bacılar, biz Rusiya vətəndaşları, Rusiya xalqlarının nümayəndələri, Qafqaz xalqlarının nümayəndələri, dünyanın hər bir yerində sağlam düşüncəli insanların nümayəndələri, nasizmə və irqçiliyə qarşı bu mübarizədə sizinlə birlikdəyik. Buna görə də Xocalı faciəsinin xatirəsi sadəcə kədərli bir gün deyil, birgə mübarizəmizin davam etdiyinin göstəricisidir. Bütün Azərbaycan xalqı yas tutur, eyni zamanda müxtəlif millətlərdən olan oğullarının bu müharibədə şəhid olduqlarından qürur duyur!”
Çıxışlardan sonra tədbir M.M.İppolitov-İvanov adına Dövlət Musiqi-Pedaqoji İnstitutunun rektoru, Rusiyanın əməkdar incəsənət xadimi, professor Valeri Voronanın rəhbərliyi altında klassik musiqi əsərlərindən ibarət matəm konserti ilə davam etmişdir. Anım mərasiminin sonunda qonaqlar üçün ehsan süfrəsi təşkil edilmişdir.
Qeyd edilən tədbirlər Rusiya və Azərbaycan mətbuatında geniş işıqlandırılmışdır.