2021-11-08

Zəfər Günü ilə əlaqədar Səfirlikdə keçirilmiş rəsmi qəbula dair

Cari ilin 8 noyabr tarixində Zəfər Günü ilə əlaqədar Səfirlikdə rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən doqquz səfir və altı müvəqqəti işlər vəkili, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Bəxtiyar Əliyev və Emin Hacıyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (АМОР) fəalları, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin tanınmış təmsilçiləri iştirak etmişlər.

Səfirliyin binasının önündə və tədbir yerində Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılmış, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi zamanı, eləcə də carı ilin noyabr ayının 8-də Şuşa şəhərində hərbçilər qarşısında etdiyi çıxışlar, keçən ildəki Zəfər paradından video-çarxlar nümayiş etdirilmişdir. Eyni zamanda, Qonaq evinin girişində müharibə dövründə mənfur düşmənin raket zərbələrinə məruz qalmış ölkəmizin dinc şəhər və qəsəbələrindəki dağıntıları əks etdirən fotosərgi təşkil edilmişdir.

Qəbulda çıxış edən ölkəmizin Rusiyadakı Səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlamış və Səfirliyə gələrək qələbə sevincimizi bölüşdüklərinə görə onlara dərin təşəkkürünü bildirmişdir.

Çıxışında Səfir qeyd etmişdir ki, bu gün Bakı şəhərində böyük bayramdır və həmvətənlərimiz küçələrə çıxaraq tarixi qələbənin ildönümünü qeyd edirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin həmin gün Şuşada etdiyi tarixi çıxışı natiq tərəfindən xüsusi vurğulanmışdır.

Polad Bülbüloğlu bu gün hər bir azərbaycanlının keçirdiyi hisslərin sözlərlə təsvir etmək mümkün olmadığını, ötən 30 il ərzində Azərbaycan xalqının Qarabağa, Şuşaya qayıtmaq arzusu ilə yaşadığını bildirdi. Qələbənin ildönümündə ilk öncə həyatlarını bu Qələbə üçün vermiş şəhidlərimizin, yaralananların, əlil olmuş insanlarımızın müstəsna xidmətləri xüsusilə qeyd etdi, onların şücaətinin heç vaxt unudulmayacağı və Allahdan şəhidlərə rəhmət, yaralılarımıza isə şəfa dilədi.

Münaqişənin tarixinə nəzər salaraq, onun siyasi-hüquqi aspektləri, Ermənistanın təcavüzü, törətdiyi beynəlxalq cinayətlər, o cümlədən Xocalı soyqırımı və apardığı etnik təmizləmə siyasəti, eləcə də 2016-cı ilin aprel ayında baş vermiş hərbi döyüşləri, ölkəmizə qarşı yeni ərazi iddiaları diversiya aktları və təxribatları haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Bu münaqişənin sülh yolu ilə həlli üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səyləri xüsusilə qeyd edildi. Tədbirdə iştirak edən Türkiyə, Pakistan və İsrailin səfirləri vasitəsi ilə ölkələrinə təşəkkür bildirildi.

Münaqişənin həllindən sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən möhtəşəm layihələr barədə danışıldı və tezliklə məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarının gözlənildiyi bildirildi.

Çıxışın sonunda Səfir Polad Bülbüloğlu “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək qeyd etdi ki, Azərbaycan xalqını öz ətrafında birləşdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, şübhəsiz ki, bu qələbənin müəllifidir və öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış, bununla da bütün regionun inkişafı üçün sabit zəmin yaratmışdır.

Tədbir zamanı qonaqlara İkinci Qarabağ müharibəsindəki şanlı qələbəyə həsr olunmuş “Zəfər salnaməsi” kitabı hədiyyə verilmiş, ziyafət təşkil olunmuş və Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə Səbuhi İbayev, xanəndə Rəvanə Əmiraslanlı, tarzən Rəşad İbrahimov, kamança ifaçısı Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramlının təqdimatında muğam sənətinin nümunələri və xalq mahnıları səsləndirilmişdir.

 

Arxiv üzrə axtarış