2021-10-14

14 oktyabr tarixində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin xalq rəssamı Tahir Salahovun xatirə gecəsi keçirilmişdir

Cari ilin 14 oktyabr tarixində Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsində instalyasiya, “Dialoq” kitabının təqdimatı və onun əsərlərindən ibarət sərgi keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova, Moskvada səfərdə olan ölkəmizin energetika naziri Pərviz Şahbazov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “Dialoq” kitabının müəllifi Raisa Abbasova, Tahir Salahovun ailə üzvləri, Azərbaycanın və Rusiyanın görkəmli mədəniyyət xadimləri, həmçinin diaspora və “AMOR” gənclər təşkilatının üzvləri iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva qonaqları salamlayaraq, görkəmli rəssam Tahir Salahova həsr olunmuş tədbirin Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilməsini rəmzi məna daşıdığını qeyd etdi. O bildirdi ki, doğma Bakı kimi Moskva şəhəri də Tahir Salahov üçün çox əziz idi. Tahir Salahovun öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib, nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. Xanım Leyla Əliyeva Tahir Salahovun yaradıcılığı vasitəsilə bizlərin onun dünyasını - harmoniya və xoş duyğularla dolu nurlu dünyanı gördüyümüzü söyləyərək, görkəmli rəssamın sənətini fərqli edən xüsusiyyətin məhz Vətənə, təbiətə, insanlara sevgi olduğunu, qəhrəmanları rolunda isə onun müasirləri, neftçi, yazıçı və bəstəkarların çıxış etdiyini vurğuladı. Məhz bu səbəbdən onun əsərlərinin həyatın özü kimi canlı olduğunu hiss etdiyimizi bildirdi. Bu heyrətamiz insanla bir dövrdə yaşadığımıza görə xoşbəxt olduğumuzu qeyd edən Leyla xanım Tahir Salahovun zəngin irsinin bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam edəcəyinə, gənc istedadlara yol açacağına ümidini ifadə etdi və tədbirdə iştirak edən qonaqlara dərin təşəkkürünü bildirdi.

Dövlət Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova Tahir Salahov ilə yaxından təmasda olduğunu, bir insan və rəssam kimi ona hədsiz hörmət bəslədiyini bildirdi və onunla bağlı olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. 2016-cı ildə Tahir Salahovun Tretyakov qalereyasında ilk sərgisinin açıldığı barədə məlumat verərək, Tahir Salahovun böyük rəssam olmaqla bərabər, həm də qeyri-adi zahiri və daxili gözəlliyə malik, inanılmaz dərəcədə müdrik və eyni zamanda, çox təvazökar və nəzakətli şəxs olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Səfir Polad Bülbüloğlu xatirə gecəsinin təşkilinə görə Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanıma və Leyla xanıma dərin minnətdarlığını bildirdi, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində çox işlər gördüyünü qeyd etdi. Tahir Salahovu unudulmaz rəssam, filosof və insan kimi səciyyələndirərək, 1960-cı illərin əvvəllərindən onunla ünsiyyətdə olduğu, çoxsaylı səfərlərin, yaddaşda daimi qalan unudulmaz günlər və onunla olan xatirələrini paylaşdı. Bu gün görkəmli rəssamın aramızda olmamasını təsəvvür etməyin çətin olduğunu bildirərək, yaratdığı rəsm əsərləri ilə daim yaşayacağını, onun əsərləri vasitəsilə insanların Azərbaycan haqqında, Rusiya haqqında, hətta Sovet İttifaqı haqqında düşüncələrə malik olacaqlarını qeyd etdi.

Səfir bildirdi ki, Tahir Salahov yalnız gözəl rəssam deyil, həmçinin böyük bir ictimai xadim, SSRİ-nin Ali Sovetinin deputatı, SSRİ Rəssamlar İttifaqının birinci katibi olmuşdur. O, həmçinin gənc rəssamların inkişafı üçün çox böyük işlər görmüş,  istedadlı gənc rəssamların formalaşmasında əməyi olan bir şəxs kimi xatırlanacaqdır.

Çıxışının sonunda Polad Bülbüloğlu tədbirin təşkilinə görə və bu sərginin keçirilməsinə görə bir daha Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti xanım Leyla Əliyevaya təşəkkürünü ifadə edərək, qeyd etdi ki, o Moskvaya xüsusi olaraq, bu tədbirdə iştirak etmək üçün gəlmişdir. Eyni zamanda mədəniyyətimizə göstərdiyi qayğı və dəstəyə görə, həmçinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığı üçün, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi.

Xatirə gecəsi çərçivəsində, həmçinin Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı, böyük sənətkarın nəvəsi Kayxan Salahov tərəfindən hazırlanmış “Sonsuzluq” adlı videoinstalyasiya nümayiş etdirildi, eləcə də sərginin ekspozisiyasında rəssamın şəxsi arxivlərdə saxlanılan işləri, ailə albomundan fotoşəkilləri sərgiləndi.

 

Arxiv üzrə axtarış