Səfir Polad Bülbüloğlu Polşanın, İsveçin və İranın Rusiyadakı səfirləri ilə görüşmüşdür
Həftə ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Polşa Respublikasının, İsveç Krallığının və İran İslam Respublikasının Rusiyadakı səfirləri ilə görüşmüşdür.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirmişdir. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəflərə ətraflı məlumat vermişdir.
Polşanın Moskvadakı Səfiri Kşıştof Krayevski ilə keçirilmiş görüşdə o, 2005-2010-cu illərdə öz ölkəsinin Səfiri kimi Azərbaycanda çalışdığı dövrü hər zaman xoş xatirələrlə yad etdiyini, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini, Azərbaycanın onun həyatında xüsusi yeri olduğunu vurğulamışdır.
İsveçin Səfiri xanım Anna Malena Mard ilə görüşdə isveçli diplomat 2013-2017-ci illərdə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəsi kimi çalışdığını və həmin dövr ərzində ölkəmizin tarixi, xalqımızın ənənələri ilə yaxından tanış olduğunu, Aİ-nin Azərbaycandakı nümayəndəsi qismində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirmişdir.
İranın Səfiri Kazem Cəlali ilə görüşdə İranla Azərbaycan arasında tarixi, mədəni əlaqələrdən danışılmış, bununla yanaşı iranlı diplomat dəfələrlə ölkəmizə parlament üzvü qismində səfərlər etdiyini bildirmiş, Bakıda gedən inkişafın ona olduqca müsbət təəssürat bağışladığını qeyd etmişdir. Kazem Cəlali həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəsinin Azərbaycanın haqlı səsini dəstəklədiyini önə çəkmişdir. İranlı Səfir Azərbaycanın dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, onun görkəmli dövlət xadimi, Rusiyada keçirdiyi görüşlər zamanı Ulu Öndərimizin buradakı nüfuzunun şahidi olduğunu söyləmişdir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin regionumuz üçün əhəmiyyəti qeyd edilmiş və onun ölkələr üçün faydalı olacağına əminlik ifadə olunmuşdur. İki ölkə arasında ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın xüsusi önəminə diqqət yetirilmişdir.
Baş tutmuş bütün görüşlərdə Polad Bülbüloğlu Rusiya-Ukrayna arasında baş verənlərə toxunarkən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını və mövcud vəziyyətdə ölkəmizin məsələni dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında diplomatik dialoq vasitəsi ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır. Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən həmin ölkəyə bir neçə dəfə humanitar yardımların göndərildiyini deyən Azərbaycanın Səfiri, mövcud durumun ciddi narahatlıq doğurduğunu söyləmiş, mülki əhali arasında böyük itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirdiyimizi bildirmişdir.
Həmçinin Azərbaycanla qeyd edilən ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, habelə regionda baş verən proseslər və maraq doğuran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşlər əsnasında Polad Bülbüloğlu səfir həmkarlarına duayen qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat vermişdir.
Görüşlərin sonunda səfirlərə Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilmişdir.