2023-04-27

27 aprel 2023-cü il tarixində Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə görüşmüşdür

27 aprel 2023-cü il tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə görüşmüşdür.

Görüşdə Laçın-Xankəndi yolunda yaranmış vəziyyət müzakirə edilmiş, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında indiyədək əldə edilmiş razılaşmalara ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənmişdir.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduğunu və üçtərəfli bəyanatın müddəalarına sadiq qaldığını diqqətə çatdırmışdır.

Səfir qeyd etmişdir ki, Ermənistan tərəfi sözügedən bəyanatın müvafiq bəndlərini pozaraq, regionda bütün kommunikasiya xətlərinin açılması və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılması ilə bağlı öhdəliklərini bu günədək yerinə yetirməmişdir.

Üçtərəfli bəyanata zidd olaraq, məhz Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinat vasitələrinin daşınmasının qarşısının alınması üçün tərəfimizdən Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılmışdır.

Bununla yanaşı, Polad Bülbüloğlu qarşı tərəfin diqqətinə çatdırmışdır ki, Azərbaycan Laçın yolundan istifadədə şəffaflığın qorunmasını təmin edəcək və həmin yol 3 istiqamət - vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur.

Əvvəl də olduğu kimi Laçın yolundan Rusiya sülhməramlı kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsi və humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün tam şərait yaradılacaq və bütün digər humanitar xarakterli məsələlər öz həllini tapacaqdır.

Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanları olan vətəndaşlarımızın sayının artdığını vurğulayan Səfir, son olaraq, Şuşa rayonu ətrafında yük avtomobilinin minaya düşməsi nəticəsində 3 Azərbaycan hərbçisinin xəsarət aldığını və hadisə baş verən əraziyə keçirilmiş baxış zamanı minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunun müəyyən edildiyini qeyd etmişdir. Bu hadisənin ermənilərin növbəti mina təxribatı kimi dəyərləndirildiyini, yeni nəzarət–buraxılış məntəqəsinin məhz gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün qurulduğunu bildirmişdir.

Arxiv üzrə axtarış